Saxta erməni soyqırımının siyasi təzyiq vasitəsi kimi istifadəsi davam edir - Könül Nurullayeva

13:56 25.04.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Təəssüflə qeyd etməliyik ki, qondarma erməni “soyqırımı” əksər güclərin əlində siyasi alətə çevrildi. Zaman-zaman qardaş Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olundu. Bu gün də biz bu prosesin davam etdiyini görürük. 106 il əvvəl baş verən hadisələrin araşdırılmasına səy göstərməyənlər, tarixi faktları görmək və eşitmək istəməyənlər bu gün saxta “soyqırım”ı tanımaqla ədalətsiz və ikili standartlar siyasətinin üstünlük təşkil etdiyi dünya düzəni olduğunu təsdiqləyirlər.

Bu fikirləri hafta.az-a millət vəkili Könül Nurullayeva deyib: 

"ABŞ prezidenti Co Baydenin “soyqırım” ifadəsi işlətməsi 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdidir. Bununla faktiki dünyanın fövqəlgücü tərəfindən tarixi həqiqətlərin təhrif olunduğunu görürük.
Ermənilər bu illər ərzində
dünya ictimaiyyətini bu uydurma iddiaya inandırmağa çalışdı. Təəssüf ki,
100 il əvvəl baş verən olayları təhrif edənlər 29 il əvvəl məhz terrorçu Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı, eləcə də vaxtı ilə erməni millətçilərinin Mərkəzi Anadoluda törətdikləri qətlləri görmək istəmirlər. Bu məsələləri araşdırmaqda, həqiqəti olduğu kimi söyləməkdə, faktlara hüquqi qiymət verməkdə maraqlı görünmürlər. Bu gün açıq şəkildə tarixin saxtalaşdırılaraq, siyasi məqsədlər üçün istifadə edildiyinin şahidiyik. ABŞ prezidentinə öz tarixinə və bu gününə baxmasını tövsiyə edənlər, əlbəttə ki, haqlıdırlar.
Hər zaman olduğu kimi, bu məsələdə də Azərbaycan qardaş Türkiyənin yanındadır. Prezident İlham Əliyevin cənab Ərdoğanla telefon danışığı zamanı da birmənalı dəstək ifadə olunub. Liderlərin söhbət zamanı vurğuladıqları kimi, Baydenin bu bəyanatı regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurur. Bu isə bir daha göstərir ki, regionda sabitlik və əməkdaşlıq, dayanıqlı sülhün bərqərar olmasında maraqlı olmayan qüvvələr var. Elə bu səbəbdən Cənubi Qafqazda “status-kvo” vəziyyəti dəyişməz olaraq qalırdı. Yəni, görünən budur ki, özlərini sülh tərəfdarı kimi təqdim edən əksər ölkələrin bu mövqeyi sülhün qorunmasına mane olan başlıca səbəbdir. Rəsmi Ankara haqlı olaraq bəyan edib ki, kəlmələr tarixi dəyişdirə bilməz, yenidən yaza bilməz. Tarixi dəyişmək mümkün deyil. Bu gün biz ABŞ-ın timsalında siyasi fürsətçiliyin sülh və ədalətə qarşı ən böyük xəyanət olduğunu görürük."